Corel Draw proqramında xətt (kontur) parametrləri
Müəllif: Rizvan Bağırlı   
20.03.10 00:15

Proqramından asılı olmayaraq xətt, element olaraq dizaynda xüsusi yerə sahibdir. Şriftlər, obyektlər, sərhədlər, hətta sənədin kənarları hansısa formada xətlərlə bağlıdır. Corel Draw bu məsələyə laqeyd qalmayıb. Xətlərin parametrini özündə əks etdirən pəncərəyə bir neçə metodla daxil olmaq mümkündür.

1. Alətlər panelindəki Outline bölməsini açmaqla bir neçə parametri elə bu bölmədən vermək olar. Məsələn, qabaqcadan müəyyən olunmuş bəzi xətt qalınlıqları, xətti şəffaf etmək, rəng pəncərəsinə daxil olmaq və s.

Amma bu bölmənin birinci sırasında yerləşən Outline Pen... əmrini verməklə Xətt pəncərəsini açmaq olar.

Outline

2. Alətlər panelinin söz açdığımız hissəsindən də göründüyü kimi Outline Pen... pəncərəyə daxil olmağın ən sadə yolu hər zaman olduğu kimi qaynar klavişlərdən istifadə etməkdi. İndiki halda F12 düyməsini basmaqla, Outline Pen pəncərəsinə daxil ola bilərik. 

3. Hər hansı bir obyektin üzərində mausun sağ düyməsi ilə tıklasaq, açılan kontekst menyuda  Properties (Alt+Enter) bölməsini görərik. Bu proqramın sağ tərəfində açılan pəncərələrdən biridir. Əgər o hal-hazırda sizin Corel Draw proqramında açıq deyilsə, onu aktivləşdirin. Çünki dizayn zamanı tez-tez bu pəncərəyə müraciət edəcəksiniz. Yeri gəlmişkən, əvvəlki dərslərdən məlum olduğu kimi bu pəncərəni biz daha bir üsulla aktiv edə bilərik. Bəli, düz başa düşdünüz – menyu vasitəsilə. Menyu – Window – Dockers - Properties. Bu pəncərədə obyektlə bağlı bir neçə xüsusiyyət mövcuddur ki, onlardan da biri Outline Pen bölməsidir (pero işarəsi). Şəkildən də göründüyü kimi xətlərə məxsus bəzi xüsusiyyətlər bu bölümdə var, amma daha ətraflı parametrləri görmək üçün buradakı Advanced… (ətraflı) düyməsini tıklamaq lazımdır.

Object Properties

Bütün bu əməliyyatların hər birindən sonra Outline Pen pəncərəsi açılacaq.

Outline Pen

Bu pəncərədəki ilk parametr – Color-dur (rəng). Aydın olduğu kimi bu düymənin üzərində klik etməklə rənglər palitrasına daxil oluruq və xətt üçün istənilən rəngi seçirik.

Color

Onu da qeyd edim ki, əgər çəkdiyiniz obyektə hələ xətt qoymamısınızsa o zaman bu pəncərədəki əksər xüsusiyyətlər aktiv olmayacaq. Bunun üçün ya qabaqcadan obyektə kontur verin və ya elə bu pəncərədəki Width (qalınlıq) bölümündən istənilən bir qalınlığı seçin.

Rəngdən sonrakı bölüm qalınlığı müəyyən edən Width-dir. Onun qarşısında isə qalınlığın ölçü vahidini gəlir. Bu siyahıdan birinci yerdə duran None parametrini seçməklə xətti şəffaflaşdırmış oluruq. Digər istənilən birini seçsək xəttə müəyyən qalınlıq vermiş olarıq. Onu da qeyd edim ki, çap üçün dizayn hazırlayarkən bir şeyə diqqət yetirin – Hairline (“tük nazikliyi”) qalınlığından maksimum uzaq durun. Çünki bu qalınlıq proqramda, monitorda görünür lakin dizayn işi çap olunduqda bu xətt əksər hallarda çıxmır və ya çox nazik olur, bilinmir. Ona görə də əgər çox nazik xətt qoymaq istəyirsinizsə 0.1, 0.2 mm-lik qalınlıqları verin. Dizayn verərkən çox qalın xəttlərə də meyl etməyin, işiniz kobud görünə bilər.

Width - qalınlıq

Növbəti bölüm – Style. Adından da göründüyü kimi xəttimizin stilini buranın köməkliyi ilə müəyyən etməliyik. Ştrixli, birbaşa, nöqtəli və s. stillərdən birini seçib dizaynınıza müəyyən bir estetik görünüş verə bilərsiniz.

Style - stil

Mövzu çox mürəkkəb və qeyri-praktik olmasın deyə buradakı parametrlərin vacib olmayanlarının üzərində durmayacam.

Növbəti lazımlı bölüm – Corners. Xəttin sınma nöqtələrində özünü necə göstərməsi bu parametrdən asılıdır. Birinci halda itibucaqlı, ikinci halda oval (dairəvi), üçüncü halda isə yastı olacaq. Mən əksər hallarda ikinci varianta üstünlük verirəm. Çünki itibucaqlı künc, qalın xəttərdə çox kobud və problemli olur, müəyyən çıxıntılar əmələ gəlir. Bu halda siz də oval variantı seçib daha səliqəli kontur əldə edin.

Corners - künclər

Mən qabaqcadan mətn olaraq "azdizayner" yazıb ona müəyyən xüsusiyyətli kontur verdim. Qalınlığı təqribən 2mm qoydum, rəng olaraq sevdiyim qırmızını seçdim )). Amma nəticədə əcaib bir səhnə yarandı. Mətn demək olar ki, xəttin içində yoxa çıxdı, bəzi yerlərdə dediyim problemli şiş ucluqlar yarandı...  

azdizayner

  Gəlin birgə bu problemi aradan qaldıraq və eyni zamanda digər xüsusiyyətləri də öyrənək. İlk olaraq bayaq qeyd etdiyim kimi, iti künclərdən vaz keçib oval küncləri aktivləşdirək. Bu parametrlərdən bir az sağda Behind fill (fonun arxasında) və Scale with image (miqyası təsvirlə bərabər dəyiş) yerləşir.

Behind fill...

Adi halda xəttə qalınlıq verdikcə o genişlənib həm də obyektin, fon rənginin üzərini tutur. Bunun qarşısını almaq üçün Behind fill xüsusiyyətini aktivləşdirib xətti fonun arxasına keçirək. Artıq xətti qalın verməkdən qorxmaq lazım deyil, nə qədər qalınlaşsa da bir hissəsi obyektin, onun fonunun arxasında qalacaq, digər qismi isə kənarlara doğru artacaq. İkinci parametr olan Scale with image isə obyekti böyüdüb və ya balacalaşdırarkən xəttin də ona uyğun dəyişməsini təmin edir. Özünüz bir az böyük ölçülü mətn yazıb ona çox qalın xətt verin. Sonra bu parametri dəyişmədən həmin yazının ölçüsünü çox kiçildin. Xəttin ölçüsü dəyişməyəcəyinə görə kiçik ölçülü mətnin kənarlarında kobud kontur əmələ gələcək. Amma eyni əməliyyatı haqqında danışdığımız parametri aktiv etdikdən sonra təkrarlasaz xəttin də mətnə paralel nazildiyini görəcəksiniz.

Sonda xətlərə ox, işarə xüsusiyyətlərini verən bölməni də izah edim. Bunun üçün Freehand (F5) aləti ilə bir düz xətt çəkirəm. Xəttin düz olması üçün klaviaturada kontrol (ctrl) düyməsini də sıxın. Sonra F12-ni basmaqla Outline Pen pəncərəsinə daxil olaq. Arrows (oxlar) bölümündən xəttin əvvəli və sonu üçün istədiyimiz formanı seçib düz xətti ox işarəsinə çevirə bilərik.

arrows - oxlar

Ox

Xəttlər haqda bu qədər. İnşallah, praktikada tez-tez bu mövzuya qayıdacağıq. Hələliksə, çox istifadə edəcəyimiz xətt parametrlərini çoxlu nəzərdən keçirin, müxtəlif variantları yoxlayın ki, həm əliniz uyğunlaşsın, həm də mahiyyət sizə aydın olsun.

Növbəti dərslərdə görüşənədək...



Corel Draw proqramında xətt (kontur) parametrləri
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə