| Buklet — Çap reklamı vasitələri (2. hissə) |
| Müəllif: Rizvan Bağırlı |
| 16.11.11 12:14 |
|
Salam azdizayner oxucusu. Şəxsi saytımı hazırlamaqla məşğul olduğumdan bloqa çox vaxt ayıra bilmirəm — mümkünsə "Sorry!" )). Bu gün çap reklam vasitələrinin daha bir növündən, bukletdən qısa da olsa söz açacam. Yada salım ki, bu silsilə yazının birinci hissəsində flayer haqqında danışmışdıq. Bizlər az qala kiçik ölçülü bütün çap reklam vasitələrinə buklet deyirik. Amma bu belə deyil, çünki hər vasitənin öz adı var. Buklet dedikdə adətən bir çap vərəqindən ibarət olub, müxtəlif formalarda bir və ya bir neçə yerə qatlanmış çap reklam vasitəsi nəzərdə tutulmalıdır. Aşağıdakı nümunələrdən yazdığım tərifin mahiyyəti aydın olacaq. Adətəт buklet A4 və A3 formatında hazırlanır və 2, 3 qatdan ibarət olur. Müasir reklam vasitələrinin arasında bukletin populyarlıq qazanmasının bir neçə səbəbi var — əvvəla, bu vasitə ucuzdur. Ona görə də büdcəsi bahalı reklam vasitələrinə çatmayan şəxslər adətən bukletdən istifadə edirlər. Buklet vasitəsilə məhsul və ya xidmət haqqında kifayət qədər məlumat vermək mümkündür. Bundan başqa müxtəlif qrafik elementlərin (foto, illüstrasiya, cədvəl, diaqram və s.) köməyilə vizual informasiya da verilir. Buklet hazırlayarkən dizaynerlər və marketoloqlar bir sıra məqamlara diqqət yetirməlidirlər. 1. Bukleti həddən artıq mətnlə yükləmək lazım deyil. Qısa desək — oxuyan olmayacaq. Amma bu heç də o demək deyil ki, mətni tamamilə azaltmaq lazımdır. Çünki əgər buklet potensial müştərinin diqqətini çəkibsə, məhsul və ya xidmət onu maraqlandırırsa, ona lazım olan məlumatı almaq üçün buklet ilkin vasitə olacaq. 2. Çoxlu sayda xırda şəkillərdən itifadə etməkdənsə daha az, lakin daha böyük şəkillər yerləşdirmək lazımdır. Çünki buklet kataloq deyil... 3. Bukletdəki informasiyanı sistemli bloklara bölmək lazımdır. Yəni oxucu bukletə baxanda lazım olan məlumatı axtarıb, tapmaqda əziyyət çəkməməlidir. 4. Mal və ya xidmət haqqında vacib olan məlumatı qabaq səhilfələrdə göstərmək lazımdır. 5. Buklet hazırlayarkən maksimum gücü dizaynı "gözəlləşdirməyə" sərf etməyin. Sonda qarışıq fonlu, estetik cəhətdən göz oxşamayan dizayn əldə edəcəksiniz. Bu isə oxucunu lazımi məlumat əldə etməkdə çətinliyə salacaq. Yuxarıda söz etdiyim əksər məqamları aşağıdakı buklet nümunələrində əyani olaraq görə bilərsiniz. Hələlik bu qədər...
Oxşar mövzular
|


































Şərhlər
Amma hansi saytin adini yerleshdirmek lazimdir, anlamadim ))
RSS – bu irəlidəki şərhlər üçün.