Adobe Photoshop-da yeni sənədin yaradılması
Müəllif: Rizvan Bağırlı   
20.03.10 00:13

Photoshop-un interfeysi, ümumi quruluşu az-çox bizə məlum oldu. Artıq təzə səhifəni yaradıb, bəzi parametrlərə düzəliş edə bilərik.

Bunun üçün proqramın menyusunda fayl (File) bölməsinə girib new əmrini veririk. Bundan sonrakı dərslərdə uzun olmasın deyə, menyunun hər hansı bir bölümünə girişi izah etmək üçün sadəcə ardıcıllığı göstərəcəm – menyu-file-new (ctrl+n) şəklində. Şəkildən də göründüyü kimi bu əmrin özünəməxsus qaynar klavişi var – Ctrl+N. Qaynar klavişlər haqqında isə proqramın interfeysi ilə tanış olarkən söhbət açmışdıq.

Menyu - Yeni sənəd

Əmri verdikdən sonra yeni boş səhifə üçün bəzi göstəriciləri özündə əks etdirən pəncərə açılır.

Photoshop yeni sənəd

 Bu dərsimizdə həmin pəncərədəki göstəricilərin böyük əksəriyyəti ilə tanış olub, onların mahiyyətini səthi də olsa başa düşməyə çalışaq.

Pəncərənin ilk parametri Name (neym)-dir. Bəlli olduğu kimi yaradacağımız sənədin adını bu xanaya daxil etmək lazımdır. Adi halda Photoshop proqramı bura Untitled-1, yəni başlıqsız adı verir və qarşısına uyğun olaraq saylar əlavə edir. Əgər proqramımızda artıq bu başlıqda bir sənəd varsa o zaman ikinci dəfə boş sənəd yaratmaq istəyəndə burada Untitled-2 yazısını görəcəyik.

Növbədə gələn parametr Preset (təyin, müəyyən edilmiş) adlanır. Açılan siyahıda yeni sənəd üçün hazır ölçülər, formatlar təklif olunur. Dizayn işində əksər hallarda ölçünü özümüz verməyəcəyik. Məhz buradakı hazır formatların birini, işimizə yarayanını seçib işləmək daha məqsədəuyğundur.

Formatlar siyahısı

Siyahıda ilk təklif olunan format Clipboard adlanır. Kifayət qədər “ağıllı” funksiya olan Clipboard-u seçərkən yaranan sənədin ölçüsü əvvəlcədən buferə kopyalanan təsvirin ölçüsü qədər olur. Bu zaman həmin kopyaladığımız obyekti sənədə qoyarkən artıq heç bir iş görmək lazım gəlmir. Yuxarıda dediklərimi daha sadə dildə başa salım. İstənilən bir şəkli Photoshop-da açın və həmin şəklin müəyyən bir qismisni düzbucaqlı qeydetmə aləti (Rectangular Marquee Tool - M) vasitəsilə qeyd edin.

Marquee Tool

Sonra klaviaturanızda ctrl+C düymələrini basın və ya menyu-edit-copy əmrini icra edin. Artıq şəklin qeyd olunmuş hissəsi müvəqqəti bufer yaddaşda qalır və onu istənilən digər sənədə yerləşdirə bilərsiniz. Bunun üçün ctrl+V klaviatura kombinasiyasını və ya menyu-edit-paste əmrini icra edin. Qeyd olunmuş şəkil boş sənədə köçəcək. Əgər sənədin ölçüsü çox böyükdürsə bir qayda olaraq qoyduğunuz şəkil hissəsinin kənarlarında ağ sahə qalır və bəzən bu sahələri aradan qaldırmaq üçün artıq iş görürsünüz. Amma yuxarıda izah etdiyim Clipboard funksiyası işimizi asanlaşdırır. Yeni sənəd yaradarkən ölçünü kopyaladığımız hissənin ölçüsü qədər verir. Belədə artıq iş görməkdən və vaxt itirməkdən canımız qurtarır.

Növbədə gələn format Default Photoshop Size adlanır. Adobe Photoshop proqramının təklif etdiyi bir ölçüdür. Bildiyim qədər bu ölçülər hələ proqramın çox əvvəlki versiyalarından tətbiq olunur. Amma bu ölçülər, parametrlər haradan götürülüb onu deyə bilmərəm. Çünki mən də bilmirəm )).

Sırada U.S. Paper, İnternational Paper və Photo formatları gəlir. Yəqin ki başa düşdüz, bu formatlar kağız-foto formatlarıdır. Birinci U.S.Paper amerikan standartlarına uyğun gələn kağız ölçüləridir və əsasən bizə lazım olmayacağına görə üstündə durmuruq. Amma ikinci İnternational Paper formatı bir dizayner kimi bizə daha çox maraqlandırır. Həmin formatı seçdikdən sonra bir az aşağıda Size (sayz/ölçü) bölməsindən beynəlxalq standartlara uyğun gələn müxtəlif kağız ölçülərini seçmək olar – A6, A5, A4, A3 və s.

Foto formatları da maraqlı ola bilər. Əgər hər hansı bir fotonu studiyada çıxartdırmaq istəsəniz yaxşı olar ki, əvvəlcədən ona müəyyən ölçü verəsiniz – istəyinizə və cibinizə uyğun )). Bu zaman ölçü vahidi olaraq sm deyil inches göstəriləcək. Bu sizi çaşdırmasın, inches ölçü vahidinin üzərində tıklayın və açılan siyahıdan cm-i seçin. Məsələn, Portrait 4x6 formatı hamımızın bildiyi 10x15sm-lik fotonun ölçüsüdür. Formatı təyin etdikdən sonra fotonu bu sənədə gətirin ki, dəqiq ölçü ala biləsiniz.

Növbədəki Web, Mobile & Devices, Film & Video formatları adlarından da göründüyü kimi ekran, monitor ölçüləridir. Web – ekrana qoymaq üçün və ya internetə yerləşdirmək üçün sənəd (şəkil) tərtib edəndə istifadə olunur. Məsələn, internetdə hansısa saytda öz fotonuzu, və ya dizayn işinizi qoymaq istəsəniz 640x480 və ya 800x600 ölçülərini seçməyiniz kifayətdir. Mobile & Devices – mobil telefonlarınızın ekranına qoymaq üçün şəkil hazırlayarkən burada təklif olunan ölçülərdən birini seçin. Video roliklərə montaj etmək üçün müəyyən bir dizayn hazırlamaq və ya şəkil emal etmək istəsəniz Film & Video bölməsində təklif olunan ölçülər işinizə yaraya bilər.

Və ən nəhayət Custom – bu artıq sizin istəyinizə uyğun verəcəyiniz ölçüləri göstərən bölmədir. Əgər hazır formatlar sizi qane etmirsə o zaman Custom-la ölçü verib, sənəd yaradın. Buna görə mütləq Custom formatını seçməyə ehtiyac yoxdur. Hazır formatların ölçülərinə hər hansı bir dəyişiklik edən kimi proqram avtomatik bu rejimə keçəcək.

Format və ölçülər haqqında bu qədər. Qısaca digər parametrlərə də nəzər salaq.

Width – sənədin üfüqi istiqamətdə ölçüsü (yəni uzunu), height – şaquli ölçü (yəni eni). Bu parametrlərin hər birinin qarşısında daha bir açılan siyahı var ki, buradan istədiyiniz uzunluq ölçü vahidini seçə bilərsininz. Əgər çap olunacaq iş hazırlayırsınızsa, o zaman cm və ya mm vahidləri ilə işləməyi məsləhət görürəm. Əgər dizayn (foto, şəkil) ekran üçündürsə, o zaman vahidin pixels olması daha münasibdir.

Vahidlər

ResolutionColor mode bölməsi daha ətraflı izah tələb etdiyindən bu mövzuya ayrıca toxunacağıq. Sadəcə yadda saxlayın ki, çap üçün (əsasən) resolution 300 pixels/inch, ekran üçün 72, çap üçün Color Mode (rəng modeli) CMYK, ekran üçün RGB təyin edilməlidir .  

Rəng rejimləri

Background Contents – yaradılan sənədin fon rəngini müəyyən edir. 3 variant var: ağ, qara və ya şəffaf.

Vəssalam! Sənədlə bağlı lazımi parametrləri müəyyən etdikdən sonra OK düyməsini basın və proqramda işə başlayın. Yeri gəlmişkən bir şeyi də xatırladım – əgər düzəltdiyiniz ölçülər və parametrlər proqramın standart formatları siyahısında yoxdursa və bu ölçülər sizə tez-tez lazım olursa, onda OK düyməsini basmazdan əvvəl Save Preset düyməsini basın. Açılan pəncərədə formata istədiyiniz başlığı verib OK düyməsini basın. Gələn dəfə formatların siyahısında sizin verdiyiniz formata da rast gələcəksiniz.

azdizayner.com-un çox hörmətli istifadəçiləri, növbəti mövzularda görüşmək ümidiylə...



Adobe Photoshop-da yeni sənədin yaradılması
 

Şərhlər  

 
#4 admin 2010-08-04 09:57
Fərid bir şeyi yadda saxla - çap üçün 300dpi olmalıdır. Rejim isə CMYK. Amma bu mütləq deyil. Çünki RGB, olaraq işə başlayıb sonradan da CMYK-e deyismek olar. Çünki fotoşopda CMYK rejimində olarkən bir sıra filtr və effektlər aktiv olmur. Həm rəng korreksiyası da RGB-də daha yaxşı alınır.
Sitat
 
 
#3 Guest 2010-08-03 15:23
Cox sag olun. amma bir seyi tan basa dusmedim.
Resolution və Color mode bolmesini. eger tutaq ki bir jurnalcun sekil hazirlayiram burada Resolution ne qeder qoymaq meslehetdir? Ne yaxud da Color mode neyi secmek lazimdir?
Sitat
 
 
#2 Guest 2010-07-23 12:42
biz sizə minnətdarıq
Sitat
 
 
#1 Guest 2010-07-23 12:14
Mən dərs ücün minnətdarlığımı bildirirəm
Sitat
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə