Adobe Photoshop – Qatlarla iş (Layers) 2-ci hissə
Müəllif: Rizvan Bağırlı   
20.03.10 00:16

Fotoşop proqramında qatlarla (layers) tanışlıq mövzusunu davam etdirək. Birinci dərsdə qeyd etmişdim ki, qatlar Adobe Photoshop proqramının əsas funksional tərəfidir və buna görə də bu mövzunu bir neçə dəfəyə işləməyi qərara aldım. Keçən dəfə qatlarla ümumi əməliyyatların necə aparıldığını öyrəndik. Bu dəfəki dərsdə, daha praktik mövzu olan Layer Style (Qat stili) ilə tanış olaq. İlk öncə yeni sənəd yaradıb (Ctrl+N) istənilən bir mətn daxil edək.

Onu da qeyd edim ki, stil tək mətnə deyil istənilən qata tətbiq edilə bilər. Mən işin asan olanına qaçıb mətni seçdim )). Bundan əlavə praktikada işləyəcəyimiz mövzu daha çox mətnə tətbiq edilir.

azdizayner - text

Keçən dəfəki dərsdən bildiyimiz kimi Adobe Photoshop-da mətn daxil edərkən avtomatik olaraq müvafiq qat yaranır və buna görə də yeni layer (qat) yaratmağa ehtiyac qalmır.

layers - qatlar

Qatın stil pəncərəsini (Layer Style) açmaq üçün bir neçə üsul var. Bir o qədər də qısa olmayan yol hər zamankı kimi menyudur. Menyu – Layer – Layers Style... Açılan siyahıda görünən əmrlərin hamısı qat stilinin müxtəlif formalıdır. Eyni siyahını Layers pəncərəsində də görmək olar. Bunun üçün pəncərənin aşağı sol küncündə yerləşən fx düyməsini basmaq kifayət edər. İstənilən funksiyanı aktiv etməklə Layer Style pəncərəsini açmaq olar. Amma şəxsən mənim üçün daha rahat olan metod kontekst menyudur. Qatın üzərində mausun sağ düyməsini basmaqla açılan menyuda Blending Options... bölməsinə daxil oluruq.

Blending Options

Açılan Layer Style pəncərəsində kifayət qədər çox funksiya mövcuddur və bu funksiyalardan doğru istifadə etməklə çox gözəl effektlər əldə etmək mümkündür.

Layer Style - Qat Stili

Funksiyalarla tanış olmazdan öncə pəncərənin sağ tərəfindəki düymələrin nəyə qulluq etdiyinə baxaq.

OK, Cancel...

OK və Cancel hamıya tanış olan təsdiq və imtina düymələridir.  

New Style – Kifayət qədər praktik olan bu funksiyanı eyni stildən təkrarən istifadə edəcəyimiz zaman tətbiq edə bilərik. Məsələn hər hansı bir mətnə müəyyən stil verdik, bunun üçün Layer Style pəncərəsinin funksiyaları ilə çox dəqiq işlədik və nəticə bizi qane etdi. Növbəti dəfə eyni əməliyyatları təkrarlamamaq üçün New Style düyməsini basırıq və açılan pəncərədə stilə ad veririk. Belədə stilimiz Proqramın stil şablonunda qalacaq. Hazır stillərə müraciət etmək üçün Adobe Photoshop-da ayrıca Styles pəncərəsi mövcuddur: Window – Styles. Eyni şablonları elə Layer Style pəncərəsinin ən birinci siyahısından da görmək mümkündür.

Preview xanası aktiv olarkən Layer Style pəncərəsindəki edəcəyimiz dəyişiklikləri birbaşa qatın özündə görə bilərik. Əgər bu funksiya aktiv deyilsə, o zaman stil dəyişiklikləri yalnız Preview xanasından bir az aşağıda yerləşən kvadrat görüntü xanasında əks olunacaq. Gəlin sözü uzatmadan funksiyarı öyrənməyə cəhd edək.  

Drop Shadow

Drop Shaddow

– ən birinci funksiya obyektə kölgə effekti vermək üçün istifadə edilir. Burada Opacity kölgənin şəffaflıq faizini göstərir. Reallıqda da kölgə əsasən obyektin üzərini tam örtməyib sadəcə onun üzərində şəffaf “rəng örtüyü” əmələ gətirir. Buradakı faiz göstəricilərini dəyişməklə də obyektin kölgəsinin intensivliyini müəyyən edə bilərik. İlkin vəziyyətdə bu göstərici 75%-ə bərabərdir. Kölgənin düşmə istiqamətini-bucağını Angle parametri müəyyən edir. Növbədə gələn 3 funksiya kölgənin ölçülərini bilavasitə təyin edirlər.

Distance – Məsafə, kölgənin obyektdən nə qədər uzaqlıqda olduğunu göstərir. Burdakı rəqəmlər artdıqca kölgə də uzaqlaşır.

Spread – Yayılmanın necə olduğunu müəyyən edən bu bölmədə rəqəmlər artdıqca kölgə daha sərt, kobud olur. Rəqəm sıfıra yaxınlaşdıqda isə kölgə daha təbii görkəm alıb axıcı olur.

Size – Ölçü, kölgənin ölçüsünü göstərib onun qalınlığının nə qədər olduğunu göstərir. Sıfır halında kölgə tam itir, bu göstərici artdıqca kölgənin yayılma arealı da genişlənir.

Quality bölməsindən kölgə üçün hazır konturlar da verə bilərsiniz. Buradakı şablonları aktivləşdirib kölgənin necə dəyişdiyini izləmək olar.

Azdizayner kölgə

Yuxarıda izah etdiyim funksiyalar demək olar ki, Layer Style pəncərəsinin bütün bölmələrində var və ona görə də eyni şeylərə təkrar toxunulmayacaq.

Ardıcıllığı pozub birbaşa Rəngi müəyyən edən Color bölməsinə keçid alıram.

Color overlay - Rəng

Çünki daxil etdiyim “azdizayner” mətninin rəngi qaradır. Qara rəngdə isə effektlərin əksəri aydın olmayacaq. Burada tək bir bölmə var. Burdan rəngi seçib, ehtiyac olduqda şəffaflıq verə bilərik.

Azdizayner color - rəngli

Kölgədən sonra sıralamaya görə ikinci effekt Inner Shaddow – Daxili kölgədir.

inner shaddow

Birincidən fərqli olaraq burada kölgə çölə deyil obyektin daxilinə doğru artır.

azdizayner - daxili kölgə

Outer Glow

Xarici işıq

– Çöl işığı kimi izah edilə bilən bu funksiya aktiv olarkən obyektdən kənarda açıq rəngli zəif işıq effekti əmələ gəlir. Kölgə effektinə çox bənzəyən Outer Glow müasir dizaynda çox istifadə edilən effektlərdəndir.

Azdizayner işıqlı

Inner Glow

inner glow

– Daxili kölgədə olduğu kimi bu işıqlanma da içəriyə doğru yönəlir və müxtəlif parametrlərlə tənzimlənə bilir.

azdizayner - daxili işıq

Bevel and Emboss

Bevel and Emboss

  - əksər yeni başlayan dizaynerlərin can dostu )). Layer Style pəncərəsi ilə tanış olan hər 5 nəfərdən dördü ilk fürsətdə Bevel and Emboss funksiyasını aktiv edir. Belə ürəkli danışmağım əbəs deyil. Çünki ilk işlərimə baxıram, əksəriyyəti bu funksiyanın qapısını döyüb )). Bəs yaxşı bu məşhur effekt özündə nəyi gizlədir? Digərlərinə nəzərən daha çox parametri olan bu effekt vasitəsilə Üçölçülü effekt əldə etmək mümkündür. Buradakı parametrləri düzgün tənzimləməklə kifayət qədər göz oxşayan nəticə əldə etmək mümkündür. Bu effekt Layer Style pəncərəsində alt bölümü olan tək effektdir. Contour (kontur) yarım bölümündə, verdiyimiz həcmlilik effektini konturlarla daha da qabarıq göstəririk. Texture (örtük, tekstura) yarım bölümü isə müxtəlif teksturalarla həcmə qabarıqlıqlar əlavə etməyə yardım edir.

azdizayner 3d

Satin – Atlaz kimi tərcümə olunan bu funksiya eyniadlı effekti verir.

Gradient Overlay

Gradient - rəng keçidi

  Çox işlənən bu effekt vasitəsilə iki və ya çox rəngli keçidlər yaratmağa kömək edir. Onu qeyd edim ki, Color Overlay aktiv olarkən bu rəng keçidləri adi halda görünməyəcək. Buna görə də ilk olaraq rəngi söndürüb, sonra rəng keçidlərini yoxlamağı məsləhət görərdim.  

azdizayner - keçid

Pattern Overlay – rəng və ya rəng keçidlərinin əvəzinə müxtəlif fonları qoymaq istəyənlər üçün maraqlı bir effekt.

Stroke (Cizgi)

Stroke - cizgi

  Obyektin kənarlarına xətlərin qoyulmasını təchiz edir. Burada xəttin qalınlığını, rəngini, formasını və digər parametrlərini müəyyən etmək olar.  

Nəticə

Effektləri aktivləşdirib OK düyməsini basdıqdan sonra obyektin müvafiq formada dəyişdiyinin şahidi oluruq. Əgər nə isə bizi qane etmirsə yenidən həmin qatın Layer Style pəncərəsini açıb dəyişikliklər edə bilərik.

Layers pənəcərəsində bu effektlər də altqatlar kimi görünür. Qatlarla edilən bəzi əməliyyatları onlara da tətbiq edə bilərik. Yəni çox asanlıqla silmək, gizlətmək, kopyasını çıxartmaq və s. mümkündür.

Layers

  Beləliklə, Qatlar mövzusunun praktik tərəfi olan Layer Style – Qat Stili ilə də tanış olduq. Ümid edirəm növbəti dərsdə bu mövzuya yekun vurarıq. Təşəkkürlər...

Adobe Photoshop – Qatlarla iş (Layers) 2-ci hissə
 

Şərhlər  

 
#3 admin 2012-02-09 17:10
Allah senden de razı olsun Seymur! ))
Sitat
 
 
#2 seymur 2012-02-07 16:19
cox sagolun ALLAH RAZI OLSUN SIZDEN!!!COX WEY OYRENIREM SIZDEN
Sitat
 
 
#1 Guest 2011-03-20 09:21
təşəkkürlər
Sitat
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə