Fotoda işıqlanma korreksiyası – Levels (1. Hissə)
Müəllif: Rizvan Bağırlı   
29.04.10 15:52
  Rus dizaynerləri arasında belə bir məsəl var – “Фото без Шопа не бывает!” )) Sevirəm bu ifadəni. Yəqin ki, Photoshop üçün uydurulmuş ən mükəmməl reklam elanıdır. Bu doğurdanmı belədir, ya çox şişirdilmiş ifadədir? Məncə 99% hal üçün bu doğrudur. Fotoqraflar məndən inciməsin. Bilirəm bəziləri fotoları redaktə etmədən çəkməyi xoşlayır və bunu yaxşı da bacarır. Amma istisnaları yuxarıdakı 1%-in içinə qatdım ;).  

Demək istədiyim odur ki, istər dizayner, istər professional və ya həvəskar fotoqraf, fotoları düzgün korreksiya etmə bacarığına sahib olmalıdır. Fotoqrafları qoyaq kənara, çünki onlar onsuzda daim bu işin içindədirlər. Standart korreksiyadan savayı hər dəfə müxtəlif rəng çalarları, effektlər almaq üçün fotoşopun az qala sıxıb suyunu çıxarırlar.

Həvəskar, hər zaman həvəskardır. Sadəcə həvəsinə görə primitiv şəkil emal etmə bacarığı da olsa... çox gözəl! Yerdə qaldı dizaynerlər. Bu saytı açmaq fikrinə təkan verən amillərdən biri bilirsiz nə oldu? Metroda mobil operatorlarımızın birinin reklamında gedən bir xanımın fotosu. “Tarqovı”-da çəkilmiş, günəş işığı nəzərə alınmamış və s. problemləri olduğu kimi qalmış foto, nəhəng bir şirkətin reklam posterində dominant element olaraq verilmişdi. Hansı ki, o fotoya primitiv müdaxilə olsa idi, daha göz oxşayan bir nəticə alınmış olardı. Eyni problemi hər gün rast gəldiyimiz reklam buklet, broşura və posterlərində də görə bilərik. Əksər hallarda dizaynerlər gücü verirlər dizayna, tərtibata, amma foto yaddan çıxır. Bu da ümumi işin nəticəsinə mənfi təsir edir. Sözü çox uzatmayaq...

Bu vaxta qədərki dərslərdə daha çox tanışlıq mövzularına yer ayrılırdısa, bu gündən etibarən praktik mövzulara yer ayıraq. Yeni başlayanlar üzülməsin, tanışlıq sona kimi davam edəcək. Çünki proqramlar və imkanları genişdir, tez-tez təzələnirlər, təkmilləşirlər. Beləliklə, bu günki mövzuda fotoların Levels adlanan funksiya ilə emalından sohbət açmaq istəyirəm. İki hissəyə ayırmışam bu dərsi:

1. Levels vasitəsilə işıqlanmanın korreksiyası
2. Levels vasitəsilə rəng korreksiyası

İndi işıqlanmanın necə aparıldığına baxaq, gələn dəfə isə rəng emalını nəzərdən keçirərik.

Bunun üçün 3 müxtəlif foto götürdüm. Birinci iri planda çəkilmiş qeyd kitabçası və qələm şəkli.

levels-1

İlk baxışdan normal görünən bu fotoda əslində işıqlanmayla bağlı az da olsa qüsurlar var. Kağız azacıq boz rəngdədir, metal tam parlaq deyil, qırmızı rəng sanki boğulub və s. Sadaladığım qüsurları aradan qaldırmaq tək bir funksiya, Levels (Səviyyələr) üçün çox asan bir işdir. Fotoşopun menyusundan Image-Adjustments-Levels (və ya sadəcə Ctrl-L) əmrini veririk.

levels-2

Nəticədə belə bir pəncərə açılır.

levels-3

Fikrinizcə şkalanı (histoqramma) bu pəncərəyə niyə qoyublar və burdakı qara zonalar bizə nə deyir? Gördüyünüz kimi şkalada 3 müxtəlif tonlu işarələr var: qara, boz və ağ. Fotolar ümumən üç qrup piksellərdən, yəni kobud desək nöqtələrdən təşkil olunub. Onlar ya tünd olurlar, ya açıq və ya əksər hallarda neytral, digər sözlə orta... Şkaladakı qara zonaları isə həmin piksellərə düşən payın kütləsi kimi baxaq. Yəni bu zonalar qara işarənin üstündə çox olarsa foto tünd rəngli, boz işarənin ətrafında çox olarsa orta tonlu, ağın üzərində olarsa əsasən açıq (ağ) rənglərdən təşkil olunacaqdır. İndiki halda da bizim foto daha çox ağa meyl edir və şkalada da bunun şahidi ola bilərik. Qara zonalar sonuncu, ağ işarənin ətrafındadır. Amma...

Sual doğurmadı ki, nəyə görə işarənin üzəri və yaxın ətrafında heç bir informasiya yoxdur? Təəccübünüz əsaslıdır və bunun səbəbini sizə izah edə bilərəm. Fotonun işıqlanmasındakı problem də məhz burdan qaynaqlanır. Çünki ağ tonların payına demək olar heç nə düşmür. Buradakı “ədalətsizliyi” aradan qaldırmaqla fotonu da emal etmiş olarıq. Bunun üçün sadəcə ağ işarəni tutub sola doğru, şkala başlayan yerə kimi hərəkət etdirək. Digərlərinə əl vurmamaq da olardı, amma mən bir az da tünd tonları nizamladım. Qara işarəni piksellərin stabilləşdiyi başlanğıc zonaya gətirdim.

levels-4

Onu da qeyd edim ki, rəng korreksiyası zamanı bir az ehtiyyatlı davranın, həvəsə gəlib şəkli ya çox işıqlı, ya da çox tünd etməyin. Bu da sadə bir əməliyyatın nəticəsi.

levels-5

Növbəti foto: maraqlı bir kadr.

levels-6

Amma yenə də fotonun emal olunmağa ehtiyacı var. Yuxarıdakı kimi Levels pəncərəsini açıb informasiyaya göz gəzdirək.

levels-7

Az qala ideal paylanmış piksellər şkalası. Çünki kənar tonlar azlıq, orta tonlar isə çoxluq təşkil edir. Amma yuxarıda olduğu kimi, qara və ağ işarələrə yenə heç nə çatmayıb və orta tonun da azca sağa meyl etməyə ehtiyacı var. Lazımi sürüşdürmələri edib,

levels-8

alınan nəticəyə baxaq.

levels-9

Daha bir foto gəlsin, hmmmmm...

levels-10

Bu dəfə deyəsən işimiz bir az qəliz olacaq, necə deyərlər yaman yerdə axşamladıq )). Amma təslim olmaq yoxdur və eyni qaydada işimizi davam etdirək. Levels pəncərəsini açıb analiz edək.

levels-11

Açıq və orta tonlarda az informasiya var, ona görə də foto çox az işıqlanıb. Ağ işarəni piksellərin başlanğıc vəziyyətinə qədər çatdıraq, orta tonlara da bir az pay ayıraq.

levels-12

Bu əməliyyatda da ehtiyyatlı olmaq lazımdır, çünki orta tonları artırmağa cəhd etsək fotonun artefaktları (qüsurları) ortaya çıxar. Əməliyyatın nəticəsində aşağıdakı səhnənin şahidi olarıq:

levels-13

Beləliklə fotoda primitiv işıq korreksiyasının düzgün necə aparılmalı olduğunu öyrəndik. Qeyd edim ki, bu tipli sadə, problemi az olan şkalalar hər zaman olmur. Bəzən çox qarışıq, emalı daha detallı və mürəkkəb proses tələb edən fotolarla da qarşılaşacaqsınız. Amma bütün bunlar gələcək mövzularda. Söz verdiyim kimi azdizayner.com-da Levels funksiyası növbəti dəfə fərqli bir işdə, rəng korreksiyasında sınaqdan keçiriləcək. Hələlik, növbəti dərslərdə görüşənədək...



Fotoda işıqlanma korreksiyası – Levels (1. Hissə)
 

Şərhlər  

 
#4 Guest 2010-05-15 23:49
Mehman, çox sağ ol qardaş...
Sayəndə kobud səhvi aradan qaldırdıq ;)
Sitat
 
 
#3 Guest 2010-05-15 09:15
Deyəsən məqalədə bir neçə mexaniki səhvlər gedib. Bəzilərinə "sağ", "sol" sözlərində rast gəldim. Düzəlişə ehtiyacı var, amma ümumən təqdirəlayiq layihədir. Uğurlar olsun!
Sitat
 
 
#2 Guest 2010-05-01 12:08
Buyur qardaş, sən dedinsə demək maraqlıdır ))
Sitat
 
 
#1 Guest 2010-04-30 08:35
Təşəkkürlər Rizvan. Çox maraqlı izahat vermisən.
Sitat
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə