| Photoshop-da maskalarla iş — 1.ci hissə |
| Müəllif: Rizvan Bağırlı |
| 05.12.11 14:03 |
|
Əvvəla onunla başlayaq ki, Photoshop-da maska funksiyasını bilməyən Photoshop-u bilirəm deməsin. Bəlkə bir az sərt alındı, amma bu həqiqətən də belədir. Montaj, rəng korreksiyaları, dizayn işləri bu funksiyanın köməyi olmadan professional səviyyədə icra oluna bilməz. Ona görə də bu gündən başlayaraq maska və Photoshop-un digər əsas elementləri haqqında materiallar hazırlayacam. Digər dizayn dərslərində isə həmin funksiyalardan söz düşdükdə, istifadəçiləri bu dərslərə yönəldəcəm. Çünki çox vaxt dizayn materialı hazırlayanda bütün detalları hər dəfə təkrar etmək mümkün olmur. Yeni istifadəçilər isə materialı tam dərk edə bilmirlər. Beləliklə başlayaq... İzahatları bu gözəl fotonun üzərində göstərəcəm.
İlk olaraq Layers (F7) pəncərəsində Background qatını blokdan çıxaraq. Üzərində iki dəfə klik etməklə onu sərbəst qata çevirə bilərik.
Sonra aşağıda müvafiq düyməni basmaqla yeni, boş qat yaradaq.
Həmin qata istədiyimiz rəngi verək. P.S. Boş qatı rəngləmək üçün Alt+Backspace və ya Ctrl+Backspace klaviatura kombinasiyasını icra etmək kifayətdir. Bu zaman Alətlər Panelində, aşağı hissədə olan iki rəngdən biri, müvafiq olaraq fonu dolduracaq.
İstifadəçilər tez-tez "şəkli fondan necə ayırmaq olar?", "fonu necə təmizləmək olar?" kimi suallar verirlər. Təzə başlayanlar adətən bunun üçün sadəcə Eraser Tool alətini götürüb lazım olan hissələri ehtiyyatla silirlər.
Gördüyünüz kimi, silinən yerlər boz rəng alır. Çünki foto olan qatdan aşağıda bizdə boz rəngli qat var idi. İndi sadəcə olaraq fotonun müəyyən hissələri silindi və həmin qat görünməyə başladı.
Bu metodla fonu təmizləmək səhv olmasa da praktik deyil. Çünki əməliyyatı geri qaytarmaq çətinlik törədir. Tutaq ki, müəyyən qədər iş gördükdən sonra silinmiş yerləri geri qaytarmaq fikrinə düşdük. Geri qayıtmaq üçün, Photoshop-da History pəncərəsi var. Amma burada bütün icra olunmuş addımlar deyil, yalnız son bir neçə addım qalır (adətən 20).
Ona görə də fonu və ya hər hansı bir hissəni silmək üçün onu Eraser Tool vasitəsilə təmizləmək yox, maskalamaq lazımdır. Fotonun qatının altında daha aydın görünsün deyə, bu dəfə narıncı rəngli qat əlavə etdim. Foto olan qatı aktivləşdirib, Layer pəncərəsində, aşağı hissədə Add Layer Mask düyməsini basdım.
Nəticədə fotonun qat görüntüsünün yanında maska görüntüsü də əmələ gəldi. Maska ancaq iki rəngdə ola bilər — ağ və qara. Ağ olduqda heç nə silinmir, qara olan hissələr isə silinir. Maskanın mahiyyəti də elə bundan ibarətdir. Qara rənglə boyanan hissələr, maskalanır, yəni həmin hissələr sadəcə gizli qalır.
Alətlər Panelində rənglərə fikir versəniz, görərsiniz ki, maska aktiv olan kimi ordakı rənglər ağ və qara ilə əvəz olunur. Rənglər aşağıdakı kimi olduqda,
Alt+Backspace düymələrini basıb maskanı qara rənglə dolduraq.
Gördüyünüz kimi, foto tamamilə maskalandı və nəticədə arxa fon qatı üzə çıxdı.
Bu dəfə Ctrl+Backspace basıb maskanı ağ rənglə dolduraq. Foto əvvəlki vəziyyətinə qayıdacaq.
İndi maskanı tam deyil, hissə-hissə hazırlayaq. Layers pəncərəsində maska görüntüsünün aktiv olduğuna əmin olub, Brush Tool alətini seçək (B).
Qara rənglə fotonun (yəni maskanın) istədiyimiz hissələrini rəngləyək.
Nəticədə həmin hissələr maskalanacaq və arxa fon üzə çıxacaq.
Rənglər olan hissədə ikibaşlı ox işarəsini klik edib (və ya sadəcə klaviaturanın X düyməsini basıb), rənglərin yerini dəyişək.
Əvvəlcə qara rənglə maskalanan yerlərin bəzi yerlərini bu dəfə ağ rənglə dolduraq.
Gördüyünüz kimi bayaq silinən bəzi hissələr geri qayıtdı. Maskalama sayəsində silinən yerləri istənilən vaxt geri qaytarmaq, bərpa etmək mümkündür.
Bundan başqa maska olan qatı idarə etmək də çox asandır. Fikrimi izah etmək üçün aşağıdakı kimi maska hazırladım.
İndi maska ilə fotonu bağlayan linki (bağlantını) qıraq. Bunun üçün aradı işarənin üzərində klik etmək kifayətdir.
Bağlantı kəsiləndən sonra maskanı sərbəst hərəkət etdirib istənilən yerdə saxlamaq olar.
Eyni yerdə təkrar klik etməklə, bağlantını bərpa etmək olar.
Maskanın iş prinsipi haqqında bu günlük bu qədər. Mövzu davam edəcək... Hələlik! )) Oxşar mövzular
|











































Şərhlər
RSS – bu irəlidəki şərhlər üçün.